hava haqqindaBakı
Bu gün +31 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0240
  • EURO - 1.9163
  • NEFT - 43.23
  • clouds-weather

Yeni dünyaya yeni lider: KİM OLACAQ?

Yeni dünyaya yeni lider: KİM OLACAQ?

Almaniyanın Federal Kansleri ABŞ-ı təhdid edib.

“The Guardian"a müsahibəsində kansler deyib ki, “Əgər ABŞ könüllü şəkildə dünya liderliyindən əl çəkərsə, bu məsələdə yeni reallıqlar ortaya çıxa bilər".

O bildirib ki, Avropa ölkələri yeni çağırışlara ciddi hazırlaşmalıdır: "Bu, eyni zamanda hərbi plana da aiddir. Biz o düşüncə ilə böyümüşük ki, ABŞ dünya gücü olmaq istəyir. Əgər indi ABŞ bu roldan öz xoşu ilə imtina edərsə, biz bunun üstündə ciddi düşünməliyik".

Artıq dünyada vahid güc olmaq üçün başlamış bu mübarizədə kimin qalib çıxacağı sual altındadır. Lakin Almaniya və Fransa bu məsələdə çox iddialı görünürlər.

Cebhe.info-ya açıqlamasında politoloq Elşən Manafov hələlik Avropada vahid gücün yaranmasının mümkün olmadığını deyib:

“Kanslerin açıqlaması bilavasitə Trampın hakimiyyəti dövründə ABŞ-ın Avropa və Almaniya ilə münasibətlərində yaşanan məsələlərdən irəli gəlir. Obamanın iqtidarı dönəmində də Amerika ilə Almaniya arasında gərginliyin yaşanacağı istisna deyildi. Məhz Obamanın dövründə müəyyən olundu ki, Amerika xüsusi xidmət orqanları Almaniya Kanslerinin telefon danışıqlarını dinləyir. Zaman keçdikcə Trampın hakimiyyəti dövründə Birləşmiş Ştatların dünya liderliyi məsələsi daha da qabardıldı. Trampın NATO ilə bağlı sərgilədiyi mövqe, ABŞ-ın Almaniya, Fransa və digər Avropa dövlətlərində anlaşılmazlığa, hətta müəyyən gərginliyə səbəb oldu. Çünki Tramp qeyd etmişdi ki, bundan sonra ABŞ, NATO-nun məsrəflərini qarşılamaq və onun maliyyə yükü altına girmək fikrində deyil. Con Boltonun nəşr olunan sonuncu kitabı əsasında bəlli oldu ki, bu açıqlamadan sonra Tramp Amerikanı NATO tərkibindən çıxarmaq istəyirdi. O zaman xarici siyasət məsələləri üzrə müşavirlər Trampı bu fikrindən daşındırmışdı. Burdan da nəticə çıxır ki, ABŞ NATO-nun mövcudluğunu sürdürməsinə rəvac görmür. Bu yanaşma isə Makronun Avropa dövlətlərinə müraciətinə və Avropa ordusunun yaranmasına ehtiyac olduğunu bildirməsinə səbəb oldu. Qeyd edək ki, bu çıxışdan sonra ekspertlərin hesablamalarına əsasən heç bir sosial zəmin olmadığı halda Fransada “Sarı jiletlilər” hərəkatı başlandı. Tramp Almaniyanın “Şimal axını-2” layihəsinə qarşı da çıxdı. O zaman Merkel də Trampa bu addımı məcburiyyətdən atdıqlarını bildirmişdi. Bunu alternativ addım olmadığı üçün etdiklərini demişdi. Amerikanın Almaniyadakı NATO dislokasiyalarından qoşunlarını çıxarmaq istəyi də onu göstərir ki, bu iki dövlətlər arasında ziddiyyətlər yaranıb. ABŞ-ın təklifi və müəyyən mənada təhdidi ilə Britaniyanın Avropa İttifaqının tərkibindən çıxması anqlosaks dünyasının bu ittifaqa mövqeyini açıqlayırdı. Bütün bunlar Almaniyanın indiki iqtidarının və siyasi etlitasının diqqətindən yayınmırdı. Ona görə də düşünürəm ki, Almaniya NATO-dan uzaqlaşmaq istiqamətində elə də sürətli addımlar atmayacaq. Nə qədər ki, alternativ bir qərar qəbul olunmayıb və Avropanın özünün təhlükəsizliyini təmin edəcək ordu yaranmayıb və xüsusən də Almaniya ilə Fransa bu razılığa gələnədək rəsmi Berlin NATO-dan çıxmayacaq. Amma münasibətlərdə çat yaranır. Əlbəttə Almaniya və Fransanın sərgilədiyi mövqe bütün Avropa dövlətlərinə aid edilə bilməz. Post-kommunizm və post-sovet nüfuz dairəsindən çıxmış dövlətlərdən bir çoxu NATO-ya inteqrasiya olundu və öz gələcək təhlükəsizlik təminatlarını bu birlikdə görürlər. Mən Avropa dövlətlərindən bəhs edirəm. Yəni onlar bu gün ABŞ-ın çətiri altında olmaqla Rusiyadan gələn bütün təhdidlərə qarşı özlərini güvən içində hiss edirlər. Bu fikirləri xüsusən Almaniya və Fransaya aid etmək olmaz. NATO-nun tərkibində çatın yaranmasında xəbər verən digər amil isə ABŞ-ın Türkiyəyə olan münasibəti və Liviya olayları ilə bağlı Fransanın Türkiyəyə olan münasibətidir. Bu da NATO-nun monolit bir komanda təsiri bağışlamadığını göstərir. Əgər Tramp NATO-ya münasibətində kardinal dəyişikliklər etməsə, çatın daha da dərinləşməsinə gətirib çıxaracaq. Yəni Avropa dövlətləri tək güc ola bilmir, ona görə ki, münasibətləri eyni deyil və fərqli maraqları var”.

Əli Bədir

Cebhe.info


Oxunma sayı: 3752