hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Yeni düzən: “Türkiyə regionda möhkəmlənəcək” - POLİTOLOQ

Yeni düzən: “Türkiyə regionda möhkəmlənəcək” - POLİTOLOQ

“Türkiyə Azərbaycan hərbi təlimləri regionda yeni siyasi mərhələnin başlanmasına gətirib çıxaracaq. Ermənistanın Tovuz istiqamətində törətdiyi hərbi təxribatı Cənubi Qafqazda yeni geosiyasi nizamın formalaşmasıdır. Bu durum Türkiyənin regionda möhkəmlənməsinə səbəb olacaq”.

Cebhe.info xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, Azərbaycana qarşı yönələn bu təxribatlarda Türkiyə daha aktiv şəkildə bizi dəstəkləməklə regionda çoxdan möhkəmlənmək planını reallaşdırmağa başladı:

“Əlbəttə ki, regionda baş verən siyasi-hərbi qarşıdurmanın arxa fonunda Rusiya durub. Kreml Azərbaycanın neft-qaz və nəqliyyat dəhlizinə Ermənistanın əli ilə nəzarət etməyə çalışırdı. Moskva istəyirdi ki, yeni siyasi nizamda post-sovet məkanına nəzarəti ələ alsın. Məqsəd Azərbaycanın Qərb dəhlizini nəzarət altına almaq, ölkəmizi öz regional layihələrinə qoşmağa məcbur etmək, birdəfəlik regionda öz qalıcılığını qorumaq, Cənubi Qafqaza nəzarəti tam bərpa etməkdir. Gürcüstan hakimiyyətinin Ermənistana silah və sursatların çatdırılmasının arxasında da Rusiya amili dururdu və rəsmi Tiflis də bu planda iştirak edirdi”. Politoloq qeyd edib ki, Rusiyanın bu planını Türkiyə pozdu, öz ordusunu təlim adı ilə Azərbaycana göndərdi: “Qeyd edim ki, prezident Rəcəb Tayyib Ərdoğan verdiyi mesajda bu təxribatların arxasında oyunçu olduğunu vurğulamış və baş verənlərə seyrçi qalmayacaqlarına dair mesaj vermişdi. Məhz Ankara böyük təhlükə və planların qarşısını almaq üçün Azərbaycanla ortaq hərbi təlimlərə start vermiş oldu. Yoxsa, Türkiyə müstəqilliyimizdən bu günə kimi böyük miqyasda ayrı-ayrı rayonlarda qoşunların müxtəlif növ təlimlərini keçirməzdi. Bu təlimlər birbaşa Türkiyənin Azərbaycanın yanında olduğunun nümayişidir. Həmçinin Rusiyanın keçirdiyi "Qafqaz 2020" təlimlərinə cavabıdır. Quru qoşunları və avasiyanın iştirakı ilə keçirilən bu təlimlər regionda yeni siyasi-hərbi dönəmin başlanması deməkdir. Həmçinin, bu Azərbaycanın siyasi hakimiyyətinin Türkiyə ilə sıx yaxınlaşmasının mesajıdır. Müəyyən oyunçular Azərbaycanın generalını şəhid etməklə, psixoloji üstünlük qazanmaq istədilər. Amma bu olay bütün planların alt-üst edilməsinə gətirib çıxardı. Türkiyənin Cənubi Qafqazda möhkəmlənməsinə vəsilə oldu. Qeyd edim ki, bu təlimlərdən sonra, Türkiyə ordusunun müəyyən hissəsi Azərbaycanda qala bilər”.

Məhəmməd Əsədullazadə əlavə edib ki, Türkiyə və Rusiya dövlət başçılarının Ermənistan -Azərbaycan münaqişəsi barədə telefon danışıqları göstərir ki, yeni gərginlik baş verə bilər.

“Həmçinin regionda Rusiya -Türkiyə gərginliyin qarşısının alınmasına və Kremlin Türkiyə reallığının qəbul edilməsinə hesablanıb. Onu da deyim ki, Rusiya ilə Türkiyə arasında Cənubi Qafqazda ciddi qarşıdurma gözlənilmir. Artıq, tərəflər arasında "S-400" Triumf raketlərinin satılması barədə razılıq əldə edilib. Moskva Türkiyə reallığını qəbul etmək məcburiyyətindədir”-deyə, politoloq bildirib.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 9714