hava haqqindaBakı
Bu gün +8 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8828
  • NEFT - 62.35
  • clouds-weather

Yeni lider, yeni məkan: İŞİD yer dəyişir - ŞƏRH

Yeni lider, yeni məkan: İŞİD yer dəyişir - ŞƏRH

İlqar Vəlizadə: “Əfqanıstanda özünü sərbəst hiss edə bilməyən İŞİD Tacikistana keçib” 

Tacikistan sərhədinə hücum edən və 15 nəfəri zərərsizləşdirilən terrorçular ölkədə, xüsusən də paytaxt Düşənbədə terror aktları planlaşdırıb. 

Bu barədə yerli mətbuat yazıb. Mətbuatın yazdığına görə, hadisə 6 noyabrda gecə saat 03:23-də baş verib. 20 nəfərlik dəstə sərhədçilərə hücum edib və atəş açıb. Bir hərbçi həlak olub, terrorçular 5 ədəd "Kalaşnikov" avtomatını götürərək sərhədi qanunsuz keçməyə cəhd ediblər. Cavab atəşi ilə 15 terrorçu öldürülüb, 5 nəfər isə saxlanılıb. Terrorçuların 4 avtomobili də məhv edilib. Atışma nəticəsində Tacikistan Dövlət Sərhəd Xidmətinin bir nəfər əsgəri və bir milis işçisi həlak olub. Hücumun baş verdiyi sərhəd məntəqəsi paytaxt Düşənbədən 60 km məsafədə yerləşir. Tacikistan Dövlət Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Qoşunları Baş İdarəsinin hadisədən bir neçə saat yaydığı məlumata görə, saxlanılanların ilkin istintaqına və dindirilməsinə başlanılıb. Məlum olub ki, silahlı terror qruplaşması 2019-cu il noyabrın 3-də gecə vaxtından istifadə edərək xüsusi tapşırığa əsasən Əfqanıstanın Kalyai Zol vilayətindən qanunsuz olaraq dövlət sərhəddini keçərək, Xatlon əyalətinin Kubodiyon rayonunun ərazisinə keçib. Qruplaşma ən əlverişli mövqe kimi İşkobod sərhəd zastavasını seçib və noyabrın 6-da keçə saatlarında atışma baş verib. 20  terrorçu Rudaki rayonunun Sultanabad sərhəd dəstəsinin hərbi hissəsinin 4 saylı sərhəd-keçid məntəqəsinə silahlı hücum edib. Qeyd edək ki, İşkobod sərhəd zastavası Tacikistanın paytaxtı Düşənbədən 60 kilometr qərbdə, Özbəkistan sərhəddinin yaxınlığında yerləşir. Sərhəd Qoşunları Baş İdarəsinin verdiyi məlumata görə, silahlı qrupun bütün üzvləri İŞİD terror təşkilatının üzvləri olub. Hadisədən sonra Rudaki rayonun Lyaur camaatına gedən yol müvəqqəti bağlanıb. Bütün avtomobillər və insanlar hərbçilər tərəfindən ciddi yoxlanıldıqdan sonra əraziyə buraxılır. Qeyd edək ki, son dövrlər İŞİD-in Yaxın Şərqdə məhv edildiyinə dair məlumatların yayıldığı bir vaxtda Tacikistanda terror aktına cəhdin baş verməsi bu təhlükənin aradan qalxmadığını göstərir.

Politoloq İlqar Vəlizadənin fikrincə, Tacikistandakı hadisə İŞİD-in fəaliyyət coğrafiyasının dəyişdiyini göstərir:

“Suriyada və İraqda İŞİD-in dayaqları dağılandan sonra terrorçular başqa bölgələrə yayılmağa başlayıb. İl yarımdır davam edən bu proses son vaxtlar sürətlənib. Əbu Bəkr əl-Bağdadinin öldürülməsi də İŞİD rəhbərlərinin ənənəvi regionlardan, yəni İraq-Suriya sərhəddindən dağılışdığını əks etdirir. Onlar əsasən İŞİD-in dayaqlarının möhkəm olduğu digər ölkələrə üz tutur. Belə ölkələrdən Əfqanıstan, Liviya, Sudan, Tunisin adlarını çəkmək olar. Əfqanıstanda da İŞİD təkcə yerli hakimiyyətlə deyil, həm də “Taliban” terror təşkilatı ilə qarşıdurma aparır. Onların Əfqanıstanda mövcudluğu Mərkəzi Asiya ölkələrinə müdaxilə etməyə şərait yaradır. İŞİD-çilər Türkmənistan, Özbəkistan və Tacikistanın həmsərhəd rayonlarında daha fəaldır. Hətta həmin bölgələrdə onların “Taliban” yaraqlıları ilə toqquşması müşahidə edilir. Son olaylar göstərir ki, İŞİD coğrafiyanı genişləndirərək Əfqanıstandan qonşu ölkələrə keçmək niyyətindədir. Onu da deyim ki, İŞİD yalnız Tacikistana deyil, həm də Türkmənistana keçməyə dəfələrlə cəhd göstərib. Ona görə də Türkmənistan sərhədçiləri ilə terrorçular arasında dəfələrlə silahlı qarşıdurma baş verib. Həmin bölgədə gərginlik hələ də qalmaqda davam edir. Görünür, İŞİD bölgədə möhkəmlənmək üçün zəif ölkələr daxil olmağa çalışır. Son iki ildə Tacikistanın ərazisinə bir neçə dəfə basqılar olub. Rəsmi qurumlar onları qaçaqmalçı və narkotik alveri ilə məşğulı olanlar kimi təqdim edib. Ancaq onlar daha çox İŞİD terrorçuları olub. Son hadisə də göstərir ki, “Taliban”ın hərbi mövqelərinin möhkəmlənməsi ilə əlaqədar İŞİD özünü sərbəst hiss edə bilmir və Tacikistana üz tutub”. 

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 1827