hava haqqindaBakı
Bu gün +19 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8782
  • NEFT - 62.94
  • clouds-weather

Yeni Vergi Məcəlləsi hazırlanır? - Deputat açıqladı

Yeni Vergi Məcəlləsi hazırlanır? - Deputat açıqladı

Qazaxıstanda mikro-biznes 2020-ci ildən etibarən vergidən azad edilir. Mikro-biznes bu ölkədə illik gəliri 76 milyon təngə (təxminən 200 min dollar) və işçilərinin sayı 15 nəfərdən çox olmayan hüquqi şəxslərə və ya fərdi sahibkarlara deyilir. 

Mikro-biznesin vergidən azad edilməsi nəticəsində Qazaxıstanın dövlət büdcəsi təxminən 500 milyon dollar itirəcək. İtkilərin vergi və gömrük inzibatçılığının yaxşılaşdırılması hesabına bərpa edilməsi planlaşdırılır. Lakin aksiz markalı məhsullar istehsal edən şirkət və firmalara, yeraltı ərazilərdə qazma işləri həyata keçirən şirkətlərə, kiçik dövlət və dövlət sektoruna aid şirkətlərə və yarış biznesi ilə məşğul olan müəssisələrə vergi güzəştləri tətbiq olunmayacaq.

Qeyd edək ki, keçən il mikro və kiçik müəssisələrin sahibləri büdcəyə təxminən 190 milyard təngə ödəyiblər.

Azərbaycanda mikro-biznes illik gəliri 200 min AZN (təxminən 117 min dollar) və əməkdaşlarının sayı 10 nəfərdən çox olmayan hüquqi şəxslərə və fərdi sahibkarlara deyilir. Bu seqmentə aid olan sahibkarlar rüblük hesabat vermək şərtilə 5 faiz gəlir vergisinə cəlb olunur. Bundan əlavə, bu qrupa düşən hüquqi şəxslər həm də illik 10 faiz divident vergisi ödəyirlər.

Qeyd edək ki, ötən il Vergilər Məcəlləsində 300-ə yaxın dəyişiklik edilib. 

Məlumata görə, ilin sonunda Vergilər Məcəlləsinə yeni dəyişikliklər təklif olunacaq. Dəyişiklikdə Azərbaycanda mikro-biznesin vergidən azad olunması məsələsinin əks olunması ehtimalı var.

Milli Məclisin deputatı, İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov Cebhe.info-ya açıqlamasında bildirib ki, ötən il Vergi Məcəlləsinə kifayət qədər dəyişikliklər edilib:

“Hələ ötən il təklif etmişdim ki, yeni Vergi Məcəlləsi hazırlayaq və qəbul edək. Bu təklif üzərində Vergilər Nazirliyində iş gedir”.

İllik gəliri 200 min manat olan mikro-biznesin vergidən azad olunmasına gəlincə, deputat 2017-ci ildən ciddi vergi islahatları həyata keçirildiyini deyib:

“Qanuna edilmiş dəyişikliklərə əsasən, sadələşdirilmiş vergini kifayət qədər azaltdıq. Bu məsələ də əsasən orta və kiçik biznesin inkişafı ilə əlaqədardır. İllik gəliri 200 min manat olan mikro-biznesin vergidən azad olunmasına baxmaq olar. Hesab edirəm ki, bunun üzərində işləmək lazımdır. Ümumiyyətlə, hesablamaq lazımdır, burada elə də böyük məbləğdən söhbət getmir. Əgər biz mikro-biznesi daha da geniş inkişaf etdirmək istəyiriksə, əlbəttə, bu addımı atmaq mümkündür”.

Qeyd edək ki, 2019-cu ilin yanvarın 1-dən qüvvəyə minmiş Vergi Məcəlləsinin müddəalarına əsasən, sadələşdirilmiş verginin dərəcəsi Bakı şəhərində 4 faizdən 2 faizə endirilib. Bundan əlavə, mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 faizi mənfəət vergisindən azaddır.

Yeganə Oqtayqızı
Cebhe.info


Oxunma sayı: 2916