hava haqqindaBakı
Bu gün +9 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0223
  • EURO - 1.9506
  • NEFT - 79.24
  • clouds-weather

Yerli özünüidarəetmə: Belə bələdiyyələr kimə lazımdır? - RƏY

Yerli özünüidarəetmə: Belə bələdiyyələr kimə lazımdır? - RƏY

Ölkədə bələdiyyələrin fəaliyyətsizliyi və yaxud fəliyyətindəki nöqsanlar həmişə müzakirə mövzusu olub.

Bələdiyyələr haqda əhali arasında yalnız bir, “torpaq satan” imici formalaşıb.

Yolların təmizliyi, su xəttlərində baş verən nasazlıqlar və bir sıra məsələlər bələdiyyələrin səlahiyyətində olsa da, bələdiyyələrin əksəriyyətinın fəliyyəti insanlar tərəfindən yarıtmaz hesab edilir.

Bir sözlə, ictimai rəydə yerli özünüidarəetmə institununun varlığı və yoxluğunun heç bir fərqi yoxdur. Bəzi ekspertlər bu fəliyyətsizliyi maliyyə problemi ilə əlaqələndirirlər. Yəni bələdiyyələrin səlahiyyətləri kimi, maliyyə resusrsları da məhduddur. Dövlət büdcəsinədn hər il bələdiyyələrə müəyyən qədər vəsait ayrılır.

Qeyd edək ki, gələn il Azərbaycanda dövlət büdcəsindən bələdiyyələrə 10,9 milyon manat vəsait ayrılacaq. Bu məsələ "2022-ci il dövlət büdcəsi zərfi haqqında” qanun layihəsində əksini tapıb. Sənədə əsasən, bu, 2021-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 1,9% çoxdur.

Həmin vəsaitin 5,3 milyon manatını yerli özünüidarəetmə orqanlarının gəlir və xərclərinin tənzimlənməsi üçün dotasiya, 1,3 milyon manatını məqsədli xərclər üçün subvensiya, 4,3 milyon manatını isə su təchizatı qurğularının istismarı və onlara xidmətlə bağlı xərclər üçün subsidiya təşkil edəcək.

Azərbaycanda bələdiyyələrin yaranmasından 20 ildən artıq vaxt keçib. Hər il də dövlət büdcəsindən vəsait ayrılsa da, nöqsanlar tam düzəlməyib.

Ayrılan vəsaitlər onların fəaliyyətinə müsbət təsir edə bilmirsə, yerli özünüidarəetmə orqanına vəsait ayırmağın mənası varmı?

Mövzu ilə bağlı Cebhe.info-ya açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərli büdcəsən ayrılan həmin vəsaitlə bələdiyyələrin əhalinin gözləntilərinə cavab verə bilməyəcəklərini deyib:

“Büdcədən ayrılan pul isə hazırda o qədər kiçik məbləğdir ki, o çox güman ki, bələdiyyə işçilərinin əməkhaqlarının ödənilməsi üçün ayrılıb. Bələdiyyələrə hansısa bir layihə icra etmək, təmir işləri üçün, vətəndaşların gözləntilərinə cavab vermək üçün o pul kifayət deyil. Təsəvvür edin ki, Türkiyənin kiçik bir şəhəri olan Rize bələdiyyəsi var. Rize bələdiyyəsinin tək şəhər büdcəsi 80 milyon manatdır. Bizim bütün bələdiyyələrin büdcəsi bundan 8 dəfə azdır. Belə yanaşma doğru deyil. Bu, yerli özünüidarəetmə prinsiplərinə ziddir”.

Yerli özünüidarəetmə institutunun yenidən qurulmasının vacibliyini vurğulayan ekspert bələdiyyələrin səlahiyyətlərin və məsuliyyətinin artırılmasının vacibliyini qeyd edib:

“Əslində, bələdiyyələr çox vacib bir qurumdur. Yerli özünüidarəetmə institutlarının gücləndirməsi Azərbaycanın qarşısında duran ən vacib məsələlərdən biri olmalıdır. Təəssüf ki, bələdiyyə institutu, obrazlı desək, ilk günlərdən “ölü doğulan” obraza çevrildi. Çünki səlahiyyətlər və məsuliyyət bölgüsündə yerini tapmaq mümkün olmadı. İcra başıçıları və yaxud da icra hakimiyyət orqanları bələdiyyələrdən daha böyük səlahiyyətlərə malik oldular.

Bələdiyyələr, yəni seçilmişlər təyin edilmişlərin əmrinə tabe oldular. Bu məsələdə icra başçıları daha üstün oldular. Amma bu, doğru deyil. Azərbaycanda yerli özünüidarəetmə institutu gücləndirilməlidir. Hətta böyük şəhər bələdiyyələri yaradılmalıdır, mer seçkiləri keçirilməlidir.
Bələdiyyə büdcələrinin formalaşması üçün yeni qaydalar müəyyənləşməlidir. Yəni mərkəzləşdirilmiş qaydada bələdiyyələrin özlərinin yerli vergi toplamaq hüququ olmalıdır. Onların səlahiyyəti və məsuliyyəti artırılmalıdır. Yerli problemlərlə daha çox bələdiyyələr məşğul olmalıdır. Çünki Azərbaycanda elə bir mərkəzləşdirilmiş idarəetmə sistemi qurulub ki, regionlarda hansısa bir rayonda infrastrukturla bağlı ən kiçik problem belə Bakı həll edir.

Ona görə də bələdiyyə institunun tamamilə yenidən dizayn olunması, həmin institunun məsuliyyət və səlahiyyətinin artırılması və nəticə etibarilə də onu yerli özünüidarəetmə institutuna çevrilməsi üçün addımlar atılmalıdır. Düşünürəm ki, Azərbaycanda bu yöndə ciddi, konstitision dəyişiklərə ehtiyac var”.

Günay Şahmar
Cebhe.info


Oxunma sayı: 2762