hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0271
  • EURO - 1.9142
  • NEFT - 62.84
  • clouds-weather

Yığmamız AVRO-2020-nin ilk oyununu keçirəcək

Yığmamız AVRO-2020-nin ilk oyununu keçirəcək

Futbol üzrə Azərbaycan milli komandası sabah növbəti oyununu keçirəcək.

Yığmamız AVRO-2020-nin seçmə mərhələsinə start verəcək.

Yığmamız tarixində 7-ci dəfə qitə çempionatının seçmə mərhələsinə başlayır. Əvvəlki 6 cəhddən fərqli, bu dəfə bir təqvim ilini əhatə edəcək tsikl komandamız üçün Xorvatiyada start götürəcək. Millimiz son dünya çempionatının gümüş mükafatçısı olan bu ölkənin yığması ilə Zaqrebdə görüşəcək. Qarşılaşma “Maksimir” stadionunda keçiriləcək.

Bu, həm də yığmamızın 2019-cu ildəki ilk sınağı olacaq. UEFA Millətlər Liqasındakı uğursuz çıxışdan sonra heç bir matç keçirməyən komandamız səfər görüşündə güclü rəqib önünə çıxacaq.

“Maksimir” stadionundakı qarşılaşmada həm yeni seçmə mərhələ, həm də yeni ilə start verən komandamızın baş məşqçisi Nikola Yurçeviç üçün görüş ilk xarakteri daşıyır. Bu postda Qurban Qurbanovu əvəzləyən 53 yaşlı xorvatiyalının debütü vətənində rəsmiləşəcək.

Millinin tarixinə komandanı oyuna çıxaran 16-cı mütəxəssis, 5-ci legioner və 2-ci xorvat kimi düşəcək N.Yurçeviç həmyerlilərinə sürpriz etməyə çalışacaq. Təxminən 3,5 il əvvəl digər xorvatiyalı Robert Prosineçkinin rəhbərliyi altında “damalılar”dan xal alan komandamız yenə sensasiya arzusundadır. 

Ümumilikdə, bu iki ölkənin əsas yığmalarının üçüncü dueli olacaq. AVRO-2016-da keçirilən iki seçmə oyununda millimiz qola həsrət qalıb. Osiyekdə alınan 0:6 hesablı məğlubiyyət Berti Foqtsun yığmamızın baş məşqçisi postundan istefası ilə nəticələnmişdisə, R.Prosineçkili millimizin qolsuz heç-heçəsi əks-düşərgədə eyni hala səbəb olmuşdu. Belə ki, 2015-ci ilin sentyabrında Bakıda heç-heçə edib, ardınca Norveçdə uduzan xorvatiyalılar Niko Kovaçı istefaya göndərmişdilər.

Qeyd edək ki, Azərbaycan və Xorvatiyanın mübarizə apardığı E qrupunun digər oyununda Slovakiya Macarıstanı sınağa çəkəcək. İlk matç günündə Uels yığması istirahət edəcək.

AVRO-2020-nin seçmə mərhələsi
E qrup
21 mart
23:45. Xorvatiya – Azərbaycan
Baş hakim: Georgi Kabakov
Baş hakimin köməkçiləri: Martin Marqaritov, Divan Valkov
Dördüncü hakim: Nikola Popov
(hamısı Bolqarıstan)
Zaqreb. “Maksimir” stadionu

Cebhe.info


Oxunma sayı: 837