hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8907
  • NEFT - 59.56
  • clouds-weather

Yolun düşsə, bu dünyaya bir də gəl - Atamla söhbət: Son söz və ya vida

Yolun düşsə, bu dünyaya bir də gəl - Atamla söhbət: Son söz və ya vida

Bəlkə də bütün bunları sağlığında sənə deməli idim. 

Ancaq demək istərkən deyə bilmədiklərim də vardı. Deyə bilmədiklərimi isə elə bu gün deyəcəm. İlk öncə deyim ki, səninlə bağlı arzularım daha çox idi. İndi bu arzularım ümmansız bir gəmitək sahillərdə çırpınır. Hər gün yenidən səsini eşitmək istəyirəm. Özümdən asılı olmayaraq telefona əl uzadıram. Eyni vaxtda yenə də sənə zəng edirəm. Ancaq nə faydası. Zənglərimə cavab vermirsən. Yoxluğun bu günlərdə qəlbimi elə üşüdür ki, bu yoxluğuna belə məni inandıra bilmir. Çünki ölüm adlı bir fələyi sənə heç kim yaraşdırmazdı. Amma fələyi görüm ki, felindən qalsın. Qalsın ki, bu adı sənə çox tez yaraşdırdı. Səndən sonra bir az da tez böyüdüm, daha tez yaşlandım sanki ata. Hər gün sənin otağına keçmək istəyirəm. Ancaq ayaqlarım getmir. Çünki bu otaq, izlərin olan divarlar, nəfəsini hiss etdiyim evin hər bir küncü mənə eyni anda artıq sənin yoxluğunu anladır. Yenidən və yenidən Sən, heç bitməyəcək bu Sən-lərim məni boğur, üşüdür. Bu gün həmişəkindən daha çox sənə necə ehtiyac duyduğumu hiss etdim və yoxluğunu, daha heç vaxt olmayacağını dərk etmək bilsən ki, necə də çətindir. Düşündüm bu gün var olsaydın, necə olardı həyatım. O an içimdə sənə olan möhtaclığımı dərindən-dərinə hiss etdim. Bu anda mənə elə lazımsan ki...

Birdən sənə yenidən sarılmaq, səni qucaqlamaq istədim, uşaq ikən etdiyim hər bir dəcəlliyi yenidən yaşamaq istədim. Səninlə keçirdiyim bütün günləri geriyə qaytarmaq istədim, ata. Nədən başlayım, nədə bitirim bilmirəm. Səni yox kimi necə qəbul edim? Doğrusu, bax bunu bilmirəm. Necə anladım bilmirəm, içimdəki bu boşluğu, ağrını necə anladım. Sən yoxsan... Gerçəklikdən başqa bu fani dünyada hər bir şey demək ki, yalandır. Artıq səninlə addımlamağa başladığım bu həyat yolunu sənsiz addımlamaq məcburiyyətindəyəm. Yoxsan, artıq düşüncələrimi, hərəkətlərimi, etdiyim səhvlərimi sənə deyil kənarından dayanıb ancaq baxa biləcəyim məzarına danışımmı, ata? Bilmirəm... 

Bu dünyada tək güvəndiyim sənin varlığın idi, tək sığınacağım sənin yanın idi. O yer ki, orada hər bir çətinlikdən uzaq idim, çünki sən vardın. Nə etsəm, məni qoruyacağına əmin idim. Səhvi səhv dalınca edirdim, qorxmurdum, inan ki, heç bir şeydən qorxmurdum. Amma bu gün artıq çəkinirəm, bu gün heç bir səhvə yol verə bilmirəm, verməyə haqqım da yoxdur, çünki sən yoxsan. Sənsiz yürüdüyüm bu yolda artıq məni qoruyacaq sən, yoxsan ata. Hər səhvimdə məni danlamadan hər şeyi anladacaq qədər doğma olan sən yoxsan artıq.

Niyə belə tez əlini üzdünki bu həyatdan? Bilmədim. Axı 66 yaş nə idi ki? Niyə belə anidən çıxıb getdin ki? İndi hər bir şeyi geridə buraxıb heç yox imişsən kimi davam etməliyəm bu fani həyatda ata. Sənsiz yaşaya bilmərəm deyirdim, amma bu gün yaşayıram. Bunu necə bacardığımı da bilmirəm. Geridə üzərimə buraxdığın məsuliyyətləri dərk etməyə indi başlayıram. Sənin sevimli oğlun sənə oğulluq edə bilmədi, edə bildiyi tək bir şey səni məzara aparmaq oldu. Niyə ata? Necə bununla kifayətlənə bilərdim ki? Yoxsa ki, ailəni mənə buraxıb getməkdə səbəbin mənim belə tez hər şeyi anlamağım idi? Yoxsan... Və əmin ol ki, səndən sonra bir az da daha çox tez böyüdü oğlun sənin, ata...

Səninlə olan son söhbətimizi, səni gördüyüm o son günün sözünü ağlımdan çıxara bilmirəm. Hər atdığım addımda o günü düşünürəm. Hamıdan kənarda məndən özün üçün şəhər qəbirstanlığında əbədi bir ovuc torpaq istəməyin belə ruhumu sakit buraxmır. Axı mən necə də düşüncəsiz oldum ki, sənin bu həyatla vidalaşmağını belə, anlaya bilmədim. 

Zarafat etdik. Güldük. Ancaq sən demə elə bu zarafatların da sonda bir gercək imiş. Əvvəllər bunları mənə heç deməzdin. Daha nələr demək istəyirdin. Bilə bilmədim. Desəydin, mən hər birini edərdim, amma sən getməyəydin. Qardaşıma da baxardım, anamı da qoruyardım, sənin xəstəliyinlə də mübarizə aparardım, amma sən getməyəydin. Mənə necə bir anı yaşatdığını özün də bəlkə bilmədin. Kimə anladım ki, o anı? Kim anlar ki, mənim bu göz yaşlarımı? Ağlamamağı öyrətmişdin mənə. Adın və özün kimi qürurlu olmağı öyrətmişdin mənə, hər nə olursa olsun, başımı dik tutmağı öyrətmişdin mənə, aciz olmamağı söyləmişdin mənə. Bəs bu anda sən çiynimdə son mənzilinə gedərkən necə dik tutum başımı, ata? Bağışla ki, övladın olaraq son anda belə canımdan can verə bilmədim sənə.

Sənə deyəcəklərim o qədər ki... Sənin kimi bir başqası anlamaz məni. Həm mən axı güclü olmalıyam. Arxamdakı dağ artıq yoxdur. Mənə baxan o gözlərin son dəfə ağladığı kimi qalıb yaddaşımda. Hər gün daha da çox uzaqlaşırsan məndən. Hər keçən gün itir yaddaşımdan sənə aid olan anlar... İstəmirəm. Dayandır zamanı... Sənsizliyin acısının keçməsini istəmirəm. Qoy hər an ağlasın gözlərim, sənin kimi bir atanı itirdiyimə görə. Artıq məcburən sənə verdiyim sözü pozmadan getməyim, sənsizliyə alışmağım lazım. Sənin bu həyatda yoxluğunu sevməyi, sənsiz davam etməyin varlığını öyrənməyim lazım, ata. Hər addımın, hər izin qəlbimdə mənim də öz övladımdan sənin tək istəyəcəyim bir ovuc torpaq tək qorunacaq, ata. Sözlərim yarımcıq, fikirlərim sönük, hərarətsiz bu gün. Ancaq hər zaman deyə bilmək istərkən deyə, bilmədiklərim üçün məni bağışla. Çoxdandır ki, sözləri şerə köçürməyi də unutmuşdum. Ancaq yenə də sən yenidən yadıma saldın və bir misra ancaq bircə misra yaza bildim. Qoy bu da mənim son sözüm, vidam olsun, ata.

Həyatda yüz dənə qardaşım olsa,
Nə qədər yoldaşım, sirdaşım olsa,
Lap belə qocalsam, yüz yaşım olsa,
Yenə də sən mənə gərəksən, ata,
Sən mənə hər zaman Vətənsən, ata !

Ruhun şad, məzarın əbədi nurla dolsun! Amin!

Anar Bürcəliyev,teatrşünas
Cebhe.info


Oxunma sayı: 1376