hava haqqindaBakı
Bu gün +11 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0271
  • EURO - 1.8991
  • NEFT - 65.53
  • clouds-weather

"Yurd" birlik təşəbbüslərinə son qoydu: Əli Kərimli missiyasına geri döndü

"Yurd" birlik təşəbbüslərinə son qoydu: Əli Kərimli missiyasına geri döndü

Həmişə bunu demişdik ki, adam dağıdıcıdır, birləşməyə imkan verməz, sadəcə, görüntü yaradar. Çox çəkmədən əsl siması göründü. Bu dəfə də haqlı çıxdıq.

Noyabrın 5-də Müsavat Partiyasının qərargahında siyasi partiya rəhbərləri və siyasətçilərin iştirakı ilə dəyirmi masa keçirildi. Dəyirmi masanın formatı və iştirakçıları ilə bağlı çoxsaylı irad və tənqidlər səslənir. Heç bir halda bu format ədalətli sayıla bilməz. Qeyd edək ki, dəyirmi masaya İsa Qəmbər, Əli Kərimli, Əli İnsanov, Cəmil Həsənli, İlqar Məmmədov, Hikmət Hacızadə, Arif Əliyev, Pənah Hüseyn dəvət alıb. Cəmil Həsənli və İlqar Məmmədov ölkə xaricində olduğundan tədbirə getməyib. Tədbirdə Azərbaycanda mövcud ictimai-siyasi durum və vəziyyətdən çıxış yolları müzakirə olunub. Yanlış format seçilsə belə, Müsavat rəhbərlərinin birlik axtarışları diqqət çəkir. Ən azı protest elektoratında müəyyən ümid qığılcımları yaranır. Ən pis formatda belə müxalifət üçün birlik təşəbbüsləri varsa, bu, sosial baza üçün yaxşı haldır. Amma sən saydığını say... Dəyirmi masaya dəvət olunanlardan biri - Milli Şuranın Koordinasiya Şurasının üzvü, “Yurd” sədri Əli Kərimli və ətrafındakı təbliğat resursları bütün bunların əksini edir.

Qeyd edək ki, bəlkə də 19 oktyabrdakı uğursuzluq olmasaydı, Əli Kərimli Müsavatda keçirilən dəyirmi masaya getməyəcək, məsələn, hər zaman ona mənfi münasibəti ilə seçilmiş Hikmət Hacızadə, Pənah Hüseynlə yanaşı oturmağa razılıq verməyəcəkdi. “Yurd” sədri “diz boyuna çıxmış”razılaşdırılmamış aksiyanın uğursuzluğunu unutdurmaq üçün dəyirmi masaya getmişdi. Lakin az sonra anladı ki, belə davam etsə, "bir çuval əncir"i bərbad edəcək. Çünki onu himayə edən “ideoloji fikir babaları” “meydanda tək sən qalmalısan”, “müxalifət adına başqa şəxs olmamalıdır” tapşırığını vermişdilər. “Yurd” lideri sadəcə “ala qarğa kimi görünməmək” üçün toplantıya getmişdi. Toplantıdan sonra daşlar yerinə oturdu, “Yurd” sədri “fabrik ayarlarına geri döndü”.

Ötən gün uzun illər “Yurd”un “Pravda”sına rəhbərlik etmiş Qənimət Zahidin rəhbərlik etdiyi “Turan” İnternet Televiziyasında müxalifətin təmərküzləşməsinə yönəlik bütün təşəbbüslər, birlik cəhdləri darmadağın edildi, topa tutuldu. “Ölkə alternativlərə baxmalıdır. Onların sırasında dayanmalıdır. İstər siyasətə qarışın, istər qarışmayanlardan olun. Hətta ucqar kəndlərdə də adi pensiya artımının səbəbkarlarını da yaxşı tanıyırlar”,- deyən Qənimət Zahidin bu fikrinin ardınca nehrəmli bir iş adamının fikirləri efirə verilir.

O da “Yurd” sədri Əli Kərimlinin “haqq yolunda olduğunu”, “xalq üçün çalışdığını” iddia edir. Və çıxışını “Onda olan mədəniyyət kaş hamımızda olaydı”, “O, canını bizim yolumuzda qurban edibsə, biz də onun yolunda edirik” fikirləri ilə nöqtələyir. Çıxış edənin əvvəlcədən öyrədilmiş olduğu aşkardır. Yoxsa sırf siyasi cığallığı üzündən oktyabrın 19-da 14 ildən sonra (2005-ci il 26 noyabr aksiyası-red.) müxalifəti eyni quyuya salmış, siyasi baxımdan səbatsız adama niyə bu cür təriflər deyilsin ki? “Cəmiyyətin fəal kəsimi müxalifət daxilindəki yersiz diskussiyalara, saxta, yeri gəldi-gəlmədi gündəmə dürtülən məchul birlik çağırışlarına enerji sərf etməməlidir. Fəal kəsim əldə olan resurslarla cəmiyyəti bütün istiqamətlərdən maarifləndirməyi, təşkilatlandırmağı bacarmalıdır”- bunu Qənimət Zahid deyir. Birlik təşəbbüsündən cəmi 1 həftə sonra. Qənimət Zahid Əli Kərimlinin tezisləri əsasında danışır. Görünən odur ki, “Yurd” 5 noyabr toplantısı ilə gündəmə gələn siyasi qüvvələrin varlığından narahatdır.

Özəlliklə “Yurd” lideri Müsavatın aktiv siyasi proseslərə dönüşünü istəmir. Qənimət Zahid (yəni Əli Kərimli-müəll.) daha dərinə gedir və xalqı Əli Kərimlinin ətrafında birləşməyə çağırır: “Şəxsən mənim yanaşmam budur: Kütləvi şəkildə “Yurd”a qoşulmaq lazımdır. Onlarla, yüzlərlə yox, minlərlə adam bu partiyaya qoşulmalıdır. İnsanlar kütləvi şəkildə “Yurd”a üzv olmalıdırlar”. Bur gün sonra isə Əli Kərimli özü coşur və Qənimət Zahidin fikirlərini “Osmanqızı” İnternet Kanalına müsahibəsində inkişaf etdirir. “Yurd” lideri 5 noyabr görüşünün tamamilə ziddinə açıqlamalar verir, yenidən öz xislətinə, mahiyyətinə və missiyasına uyğun dağıdıcılıq siyasəti aparır. Əli Kərimlinin çıxışında bir tezis qırmızı xətlə keçir - Heç bir birlikdən, birləşmədən, koalisiyadan söhbət gedə bilməz. Əsas güc mərkəzi Milli Şuradır, “Yurd”dur. Görünür, Əli Kərimli arxasındakı qüvvələrə bu mesajı vermək üçün efirə çıxmışdı: “Şıltaqlıq edib Müsavatın qərargahına getmişdim. 19 oktyabrda meydanda tək qoydunuz, mən də acıq eləmişdim. Şıltaqlıq qurtardı. Yenə öz mövqeyimdəyəm”. Yeri gəlmişkən, verilişə təşkil olunan trol zəngləri də bayağılığı ilə seçilib. Zəng edib ümumi birlikdən, cəmiyyədə inteqrasiyanın, barışın vacibliyindən danışanların sözü kəsilir, “Yurd” sədrini tərifləyənlərə isə canla-başla efir verilirdi. Zəng edənlərdən biri də trol olduğunu “Yurd”un marağına uyğun mövqeyi ilə sübut etdi: “Hamı bilməlidir ki, yeni hakimiyyəti xalq müəyyən edəcək”.

Əli Kərimli bu tezisin üzərində daha qabarıq şəkildə dayandı: “Biz 7 nəfər sadəcə dəyirmi masa keçirmişik. Dəyirmi masada biz sadəcə, funksional əməkdaşlıqdan danışmışıq. Əməkdaşlıq edə bilərik? Bəli. Burada heç bir hakimiyyət bölgüsündən söhbət getmir. İstəyirəm ki, burada heç bir yanlış anlaşılma olmasın. Birincisi, sizsiz hakimiyyət bölgüsü olmayacaq. Seçki olacaq, müəyyən edəcəksiniz ki, hakimiyyəti kimə, hansı koalisiyaya vermək lazımdır”. Əli Kərimli bu müsahibədə 5 noyabr prosesinin başlanmadan bitdiyini, özü də “Yurd” tərəfindən bitirildiyini qəti şəkildə ortaya qoydu: “Heç bir koalisiya -filan yaranmayıb. Bu, sizdə heç bir naharatlıq yaratmasın. Milli Şura hazırda bu etiraz hərəkatını idarə edən əsas birlik kimi fəaliyyət göstərir. Biz dəyişiklik istəyən hər kəslə əməkdaşlıq edəcəyik. Eyni zamanda, Milli Şuranın qərarvermə mexanizmini özündə saxlayacağıq. Hər hansı dəyirmi masalar bu millətin xilası deyil”.

Bu da müxalifətə növbəti zərbə. Amma hələ də müxalifət və cəmiyyətin bəzi kəsimi qəbullanmaq istəmir ki, Azərbaycan siyasətində Əli Kərimli olduqca, onların bütün çalışmaları sabun köpüyünə dönəcək. Əli Kərimlinin eqosu, siyasi ehtirasları elə bir həddədir ki, o, bütün müxalifəti belə öz iddialarına qurban verər, necə ki, illərdir bunu edir...

Aydın

Cebhe.info


Oxunma sayı: 2619