hava haqqindaBakı
Bu gün +26 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8722
  • NEFT - 64.71
  • clouds-weather

Zahid Orucun əməkdaşlıq təklifinə müstəqil ekspertdən CAVAB

Zahid Orucun əməkdaşlıq təklifinə müstəqil ekspertdən CAVAB

İqtisadçı-ekspert Rövşən Ağayev yeni yaradılan Sosial Tədqiqatlar Mərkəzi (STM) İdarə Heyətinin sədri, deputat Zahid Orucun iş təklifinə münasibət bildirib.

O, Cebhe.info-ya açıqlamasında etimad göstərib təklifi səsləndirən tərəfə təşəkkürünü bildirib:

“Əgər hesab edirlərsə, ölkədə cəmiyyətin inkişafına hansısa bir işə töhfə verə bilərik və bizdə belə bir potensial görürlərsə, təşəkkür edirik. Amma biz onsuz da vətəndaş cəmiyyətinin ekspertləri kimi 15 ilə yaxındır ki, Azərbaycanda iqtisadiyyatın inkişafı ilə bağlı müxtəlif tədqiqatlara, ideyaların yaranmasına imza atmışıq. Bu işimizə də müntəzəm olaraq davam edirik. 2014-cu il vətəndaş cəmiyyətinə üzv olana qədər kifayət qədər hesabatlarımız olub.

Məsələn, Azərbaycanda icmal büdcə sisteminin təkmilləşdirilməsi, aqrar sektorun inkişaf etdirilməsi, iqtisadiyyatın diversifikasiyası, neft gəlirlərinin iqtisadiyyata mənfi təsirlərinin azaldılması ilə bağlı çox sayda tədqiqatlara imza atmışıq. Bundan əlavə, təkliflər paketi hazırlayıb hökumətə təqdim etmişik. Sonrakı dövrlərdə vətəndaş cəmiyyətinin meydanı çox daralsa da, sosial şəbəkələr və internet mediası vasitəsi ilə öz fikirlərimizi bölüşməyə davam etmişik. Ölkəmizin iqtisadi baxımdan yaxşı inkişaf etməsi, regionda iqtisadi gücə çevrilməsi, ümumiyyətlə, dünyada layiqli yerini tutması üçün nəyi doğru bilmişiksə, hökumətə həmin islahatların aparılmasının vacibliyini çatdırmışıq. Siyasi mövqeyindən asılı olmayaraq kimsə bizdən ekspert kimi məsləhətləşmək istəyirsə, onlarla doğru yolun hansı olduğunu paylaşırıq. O məqamda ki, ölkəmiz üçün töhfə veriləsi bir məsələ var, biz orada varıq. Burada heç bir problem ola bilməz”.

Rövşən Ağayev müstəqil tədqiqatları ilə vətəndaş cəmiyyətinin təmsilçisi olduğunu da vurğulayıb:

“Sosial Tədqiqatlar Mərkəzi publik hüquqi şəxs olsa da, dövlət strukturu hesab olunur. Bu təklif 15 il bundan əvvəl olunsaydı, yəni 30 yaşım olanda, bəlkə də qəbul edərdim. Artıq yaşım 50-yə yaxınlaşır. Bundan sonrakı həyatımı, planlarımı yalnız müstəqil tədqiqatçı, vətəndaş cəmiyyəti təmsilçisi kimi görürəm. Amma bu çərçivədə əməkdaşlıq etmək istəsələr, hansısa tədqiqatlara, araşdırmalara ehtiyac olarsa, vətəndaş cəmiyyətinin təmsilçisi kimi məmnuniyyətlə orada iştirak etməkdə bir problem görmürük. Başqa həmkarlarımı deyə bilmərəm”.

Sosial Tədqiqatlar Mərkəzinin gələcək perspektivlərinə gəlincə, ekspert qeyd edib ki, bunu zaman göstərəcək:

“İstəkdən çox şey asılıdır. Məsələn, Strateji Araşdırmalar Mərkəzi (SAM) özün doğrultmadı. Burada əsas məsələ siyasi iradədir. Siyasi qərarvericilər üçün keyfiyyətli və gerçək araşdırmalara, tədqiqatlara nə qədər ehtiyac varə Hesab edirəm ki, tədqiqatlar siyasiləşməməlidir. Əgər tədqiqatın ortaya çıxardığı gerçəkliklər kiminsə siyasi hakimiyyət maraqlarına ziyan vurursa və bu zaman həmin araşdırmanı ortaya çıxarmayım kimi bir yanaşma olacaqsa, STM-nin heç bir perspektivi olmayacaq. Yəni, siyasi konyunktura onun fəaliyyətini çərçivələyəcəksə, bu halda böyük perspektiv gözləmirəm. Əgər orada çalışan insanların yaradıcılıq azadlığı qorunacaqsa, müstəqil formada cəmiyyətin istənilən problemi ortaya qoyulacaqsa, düşünürəm ki, o halda mərkəzin perspektivi olacaq. Amma hər halda zamana buraxmaq lazımdır, tələsik nəticə çıxarmayaq”.

Yeganə Oqtayqızı
Cebhe.info


Oxunma sayı: 20475