hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.8726
  • NEFT - 61.07
  • clouds-weather

Zəhərlənmə, yoxsa günvurma? - Nazirliklər bir-birini təkzib edir

Zəhərlənmə, yoxsa günvurma? - Nazirliklər bir-birini təkzib edir

İsmayıllıda baş verən kütləvi zəhərlənmə ilə bağlı müəmmalı vəziyyət yaranıb. 

Belə ki, Səhiyyə Nazirliyinin məlumatına görə, zəhərlənmə ehtimalı ilə 7 nəfər (3 kişi, 4 qadın) İsmayıllı Mərkəzi rayon Xəstəxanasına müraciət edib. Xəstəxananın baş həkimi Aydın Əsədovun verdiyi məlumata görə, müraciət edənlərə tibbi yardım göstərildikdən sonra evlərinə buraxılacaqlar. Hadisə barədə ərazi üzrə polis şöbəsi və Qida Təhlükəsizliyi Agentliyinə məlumat verilib. Zəhərlənmə faktının ötən gün İsmayıllının Talıstan kəndində keçirilən "Kartof festivalı”nda qeydə alındığı iddia olunub. Bildirilib ki, İsmayıllı rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunan "Kartof festivalı"nda dönərdən kütləvi zəhərlənmə baş verib. 

Kənd Təsərrüfatı Nazirliyi və İsmayıllı rayon İcra Hakimiyyəti yayılan xəbərləri təkzib edərək, zəhərlənmənin festivalla əlaqəsi olmadığını bildirib. Nazirlik rəsmisi Vüqar Hüseynov “Kartof festivalı"nda 7 nəfərin qidadan zəhərlənməsi barədə məlumatın əsassız olduğunu və İsmayıllı rayon Xəstəxanasına müraciət edənlərin səhhətində yaranmış problemlərin günvurmadan qaynaqlandığını bildirib:

“Xəstəxanaya müraciət edənlər hamısı bir şirkətin işçiləridir. Onlar sahədə işləyən zaman günvurmaya məruz qalıblar. Festival dünən keçirilib, orada yüzlərlə insan iştirak edib. Xəstəxanaya müraciət isə bu gün, festivaldan 24 saat sonra olub. Əgər qida zəhərlənməsi olsaydı, eyni simptomlar digər iştirakçılarda da müşahidə olunardı”. Ardınca İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Rövşən Ağayev bildirib ki, festival zamanı heç bir zəhərlənmə faktı qeydə alınmayıb: "İsmayıllıda "Kartof festivalı" sentyabrın 18-də günorta saatlarında başa çatıb. Tədbirdən 1 sutkadan artıq bir vaxt keçib. Xəstəxanaya müraciət isə bu gün olub. Həkimlər də iddia edir ki,  zəhərlənmə deyil. Çünki zəhərlənmə dərhal özünü göstərir. Bu hadisə günvurmanın əlamətləridir. Həmin şəxslər sahədən gətiriliblər və onlara ilkin olaraq da günvurma diaqnozu qoyulub. Xəstəxanaya müraciət edən şəxslərə tibbi yardım göstərilib, səhhətləri normaldır və artıq evə buraxılıblar". 

Beləliklə, hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Məsələni Səhiyyə və Kənd Təsərrüfatı nazirlikləri ilə dəqiqləşdirməyə çalışdıq. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Elvin Hacıyev Cebhe.info-ya açıqlamasında deyib ki, zəhərlənmənin hansı səbəbdən baş verdiyi hələ məlum deyil, bu, analizlərin cavabından sonra bəlli olacaq:

“Analizlərin cavabından sonra deyə bilərik ki, zəhərlənmədir, ya yox... Bu isə ən azı 3 gün çəkəcək. Təhlillər həm də Qida Təhlükəsizliyi Agentliyinə göndəriləcək. Biz sadəcə məlumatı zəhərlənmə ehtimalı kimi vermişik. Məncə, ekspertin rəyi olmadan kiminsə nəsə deməyi düzgün deyil”. 

Kənd Təsərrüfatı Nazirliyinin mətbiat katibi Vüqar Hüseynov isə məsələni İsmayıllı Mərkəzi rayon Xəstəxanasının baş həkimi Aydın Əsədovla dəqiqləşdirməyimizi məsləhət bilib. Baş həkimlə  telefon əlaqəsi yaratmaq cəhdimiz  baş tutmayıb. 

Alçina Amilqızı 
Cebhe.info


Oxunma sayı: 2256