hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8883
  • NEFT - 64.92
  • clouds-weather

Zelenski Azərbaycana nə vaxt gələcək?- TƏHLİL

Zelenski Azərbaycana nə vaxt gələcək?- TƏHLİL

"Ukraynanın yeni prezidenti Vladimir Zelenskinin bu həftə Türkiyəyə rəsmi səfəri (prezident olmadığı illərdə də yay aylarında Türkiyənin sahillərində dincəlirdi) Kiyevin son illərdə həyata keçirdiyi xarici siyasətlə əlaqəlidir.Bu siyasətə görə Türkiyənin rolu və yeri ABŞ və Avropa İttifaqı qədər Ukrayna üçün vacibdir".

Cebhe.info xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. O, Türkiyənin Ukrayna üçün vacibliyindən söz açıb:

"Birincisi, Ukraynanın qonşusu olaraq Türkiyənin investisiyaları Kiyev üçün vacibdir. İkincisi, Kiyev Rusiya ilə strateji tərəfdaşlıq münasibətləri quran Türkiyəni geosiyasi anlamda itirmək istəmir. Ankara Moskva ilə sıx əlaqələrinə baxmayaraq, Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir, Krımın ilhaqını qəbul etmir və Krım türklərinə dəstəkdən vaz keçmir. Bu amillər Kiyevin işinə yarayır. Ona görə də son illər Ankaraya gələn Ukrayna prezidentləri hər səfərlərində heyətə Krım türklərinin lideri Mustafa Cəmiloğlunu da əlavə edirdilər. Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın Cəmiloğluna böyük hörməti var. Krım Cəmiloğlu Ukrayanadakı son prezident seçkisində Vladimir Zelenskinin rəqibini dəstəkləmədi. Zelenski də keçmiş prezidentlər Petro Poroşenko və ya Viktor Yuşşenko kimi Krım türkləri mövzusuna həssas yanaşmalı və Ankaraya gedəcək heyətə Krım türklərinin nümayəndəsini daxil etmək barədə düşünməlidir. Kiyevlə sıx təmaslar Ankara üçün də o mənada vacibdir ki, regional siyasətdə bütün yumurtaların Rusiya səbətinə qoyulmadığı görünsün".

V.Zelenski Azərbaycana nə zaman gələcəkə

Mövzunu şərh edən politoloq bildirib ki, V.Zelenskinin Cənubi Qafqazda ilk səfər etməli olduğu ölkə Azərbaycandır:

"Ən azı, biz buna çalışmalıyıq. Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyi kimi, Ukrayna da Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Doğrudur, AŞPA-da son səsvermədə Azərbaycan nümayəndə heyəti Krımın ilhaqına rəğmən, Rusiyanın bu quruma qayıtmasına səs verdi. Ancaq Rusiyanın geri qayıtmasına səs verənlər arasında avropalılar da çoxluq təşkil edirdi. Yəni Azərbaycan nümayəndə heyətinin AŞPA-da Rusiyanın xeyrinə səs verməsi Bakı ilə Kiyev arasındakı əlaqələrə mənfi təsir etməməlidir. Petro Poroşenkonun dövründə Azərbaycanın Ukraynadakı dövlət müəssisələrinin özəlləşdiriilməsində iştirakı müzakirə olunurdu. Məsələn, Dövlət Neft Şirkəti Odessa və Çernomorskdakı neft terminallarının özəlləşdirilməsinə maraq göstərirdi. Dövlət Neft Şirkətinin Ukraynadakı artan fəaliyyətini nəzərə alaraq, bu özəlləşdirməni Zelenskinin prezidentliyi dönəmində reallaşdırmaq mümkündür. Odur ki, yaxın aylarda prezident İlham Əliyevin ukraynalı həmkarı ilə görüşü və müzakirə ediləcək mövzuların hazırlanması təlimatı verilə bilər".

Səyad Həsənli
Cebhe.info


Oxunma sayı: 3059