hava haqqindaBakı
Bu gün +33 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0246
  • NEFT - 75.08
  • clouds-weather

Zelenskinin ilk sınağı: Putin yeni prezidenti “dişinə vurur”- Ordu döyüş vəziyyətində

Zelenskinin ilk sınağı: Putin yeni prezidenti “dişinə vurur”- Ordu döyüş vəziyyətində

Donetsk və Luqansk vilayətlərində rusdilli əhaliyə Rusiya pasportunun paylanması, eyni zamanda Ukraynada dövlət dili haqqında qanunun qəbulundan sonra iki ölkə arasında vəziyyət yenidən gərginləşib.

Donbasdakı Ukrayna Silahlı Qüvvələri və kəşfiyyatı döyüş hazırlığı vəziyyətinə gətirilib. Ukraynanın BMT-dəki daimi nümayəndəliyinin rəhbəri Vladimir Yelçenko Rusiya Federasiyasını işğal olunmuş Donbas ərazisində Ukrayna vətəndaşalarına pasport paylamaqdan imtina etməyə çağırıb.

Qeyd edilən bəyanatla V.Yelçenko BMT Təhlükəsizlik Şurasının iclasında çıxış edib. “Rusiyanın məqsədi çox aydındır. Bu seçki sonrası dövrdə Ukraynadakı sabitliyi pozmaq və Minsk sazişlərini məhv etməkdir” - deyən diplomat əlavə edib ki, Ukrayna vətəndaşlarına Rusiyanın pasport paylaması Kremlin işğal edilmiş Donetsk və Luqansk vilayətlərini öz ərazisi kimi tanıması və ilhaq etməsi yönündə növbəti addımdır. Yelçenko bildirib ki, Rusiya bu qərarı ilə Ukraynada daxili münaqişə adlandırdığı təxribatçı nağıllları özü gözdən salır.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin Rusiya vətəndaşlığına qəbul üçün müraciət etmək hüququ olan şəxslərin humanitar məqsədlərinin sadələşdirilmiş qaydada müəyyənləşdirilməsi haqqında fərman imzalayıb. Pasport veriləcək Ukrayna vətəndaşlarının siyahısı Rusiya Daxili İşlər Nazirliyində hazırlanacaq. Donbas sakinlərinin pasportu isə Rusiyanın Rostov vilayəti ərazisində qeydiyyata alınacaq. Halbuki, Rusiya bütün ikitərəfli və beynəlxalq sənədlərdə Donetsk və Luqansk vilayətlərini Ukraynanın ərazisi kimi tanıyıb.

Analitiklər isə hesab edir ki, Rusiyanın son addımları Ukraynada baş vermiş hakimiyyət dəyişikliyindən istifadə edərək öz mövqelərini gücləndirməyə xidmət edir. Belə ki, Poroşenkonun hakimiyyətdən getməsi fonunda Kremlin Donbasda Abxaziya və Cənubi Osetiya modelini tətbiq etmək cəhdləri daha çox Ukraynanın yeni prezidenti Vladimir Zelenskiyə təzyiq kimi qiymətləndirilir. Prezident seçilməsi münasibətilə Vladimir Zelenskinin təbrik etməyən Vladimir Putin onu Ukraynanın ən qaynar nöqtəsi olan Donbasdan ağır sınağa çəkməyə başlayıb. Donbasdakı qondarma xalq respublikalarının əhalisinə Rusiya pasportlarının verilməsi qaydaları da sadələşdirilib. Bu fərman Ukrayna üçün ciddi siyasi nəticələrə səbəb ola bilər. Rusiya isə hesab edir ki, dövlət dili haqqında qanun rusları rəsmi və sosial həyatdan siləcək.

Lakin prezident Putinin fərmanı bir sıra siyasi nəticələr doğura bilər. İlk növbədə, Rusiya pasport verilmiş, ukraynalı sayılan Donetsk və Luqansk əhalisi ilə məşğul olmağı və onlara görə cavabdehliyi birbaşa öz üzərinə götürür. İkincisi, Kremlin açıq şəkildə dayanmış olan Minsk prosesinə etimadsızlığını göstərir. Üçüncüsü, Ukrayna "xalq respublikalar"ın torpaqlarını güc yolu ilə geri qaytarmağı qərara alsa, Rusiya öz vətəndaşlarını müdafiə etməyə qalxacaq.

Ancaq Qərbin müqaviməti və Ukraynaya siyasi dəstəyi fonunda prezident Putinin sözügedən fərmanını reallaşdırmaq heç də asan görünmür. Artıq ABŞ pasport qalmaqalına görə Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini nəzərdən keçirir. ABŞ Dövlət Departamentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volker bəyan edib ki, Rusiya bu qərarı birbaşa işğalçılıq üsulundan qaynaqlanır. Volkerin sözlərinə görə, bu addım "Minsk sazişlərinin həyata keçirilməsinə" və "Donbasın Ukraynanın tərkibinə qaytarılması"na zərbə vurur. Rusiya tərəfi isə belə bir problemin mövcudluğunu inkar edir və Donbasın Ukrayna ərazisi olduğunu deyir.

Eyni zamanda, Zelenskinin Donbasa xüsusi status vəd etməsinə baxmayaraq, Moskvanın sadələşdirilmiş qaydada vətəndaşlıq verilməsinə dair qərarını ləğv edəcəyini düşünmək çətindir. Britaniyanın "The Guardian" qəzeti isə yazır ki, Vladimir Putin Ukraynanın separatçı bölgələrində yaşayan milyonlarla ukraynalıya rus pasportu almağa imkan yaradacaq qanunu imzalamaqla yeni seçilən prezidenti sınaqdan keçirməyə başlayıb.

Məqalədə deyilir ki, bu təxribat xarakterli qərar siyasi təcrübəsi olmayan 41 yaşlı komik Vladimir Zelenskinin prezident seçkilərində inandırıcı qələbə qazanmasından cəmi üç gün sonra qəbul edilib. Kreml hələ rəsmi olaraq Zelenskini təbrik etməyib və seçkilərin nəticələrini tanımayıb.

“Kampaniya zamanı Zelenski istefaya gedən prezident Petro Poroşenko ilə müqayisədə separatçı regionlarla bağlı kompromisə daha meyilli olduğuna eyham vurub. Onun kampaniyası qismən ölkə vətəndaşlarının müharibədən təngə gəlməsi üzərində qurulub. İndi Rusiyanın bu hərəkəti onu daha sərt mövqe tutmağa məcbur edə bilər. Zelenskinin komandası bəyanatla çıxış edərək, Rusiyanın bu addımının Ukraynaya qarşı müharibə aparan təcavüzkar dövlət olmasından xəbər verdiyini bildirib. Bəyanatda qeyd edilib ki, rus pasportları ilə bağlı təklif Kiyevdə Donetsk və Luqansk ərazilərinin Rusiyanın tərkibinə inteqrasiyasının davam etdirilmsi ə və danışıqlar masası arxasına oturması üçün yeni prezidentə təzyiq göstərmə cəhdi kimi qiymətləndiriləcək”, - məqalədə deyilir.

Beynəlxalq Sülh Naminə Karnegi Fondundan Balaş Yarabik bunun gözləntiləri yüksəltdiyini qeyd edib:

“Bu, həm Ukrayna, həm Qərbə ciddi mesajdır. Bu, ərazilərin statusunu daha da çətinləşdirə bilər. Məqsəd Zelenskini mümkün olduğu qədər tez bir zamanda danışıqlar masası arxasına oturmağa məcbur etməkdir”.

“Qanunun Zelenskinin qələbəsindən dərhal sonra qəbul edilməsi yeni prezident üçün kompromis axtarışını siyasi cəhətdən daha da çətinləşdirə bilər. Məlumatlı mənbənin açıqlamasına görə, seçkilərdən əvvəl Zelenskinin kampaniyasına başçılıq edən İvan Bakanov Vaşinqtondakı görüşlərdə Zelenskinin komandasının separatçı dövlətlərin rəhbərləri ilə birbaşa danışıqlar aparmağa hazır olduğunu bildirib. Qərb diplomatları Zelenskinin komandasını belə bir kursdan çəkindirib. Çünki belə olduğu təqdirdə, o, Rusiyanın daxili münaqişə ilə bağlı uydurmalarına sərf edəcək şəkildə fəaliyyət göstərmiş olar . Zelenski həmçinin “beyin və qəlblərin” fəthi əməliyyatını həyata keçirmək məqsədilə separatçı bölgələrdə yaşayan insanlar üçün nəzərdə tutulan rusdilli televiziya kanalının yaradılmasını tələb edib”. “Rusiyanın 2014-cü ildə tez bir zamanda ilhaq etdiyi Krımdan fərqli olaraq, Donetsk və Luqansk vilayətləri son illər havadan asılı vəziyyətdə qalıb. Moskva rəsmi olaraq ərazilərə nəzarət etdiyini təkzib etsə də, 2014-cü və 2015-ci il münaqişənin ən qızğın dövründən bu yana nəzarətini gücləndirib. Pasportların verilməsi haqqında qərar oyunun qaydalarını radikal şəkildə dəyişilməsi kimi qəbul ediləcək, həmçinin separatçı Abxaziya və Cənubi Osetiya respublikalarında həyata keçirilən siyasəti əks etdirəcək”.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 12788