hava haqqindaBakı
Bu gün +34 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0259
  • EURO - 1.8816
  • NEFT - 57.98
  • clouds-weather

Zelenskinin  Ukraynası: Qərbə, yoxsa Rusiyaya?

Zelenskinin  Ukraynası: Qərbə, yoxsa Rusiyaya?

Aprelin 21-də keçiriləcək prezident seçkilərinin ikinci turunda ukraynalıların 48,4 faizi Vladimir Zelenskiyə, 17 faizi isə dövlət başçısı Pyotr Poroşenkoya səs verməyə hazırdır.

Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun apardığı sorğunun nəticələri belə deməyə əsas verir. Respondentlərin 17,9 faizi dəqiq seçim etmədiklərini, 1,6 faizi səsvermə bülletenlərini korlamaq istədiyini, 6,3 faizi səsvermədə iştirak etmək istəmədiyini bildirib. Rəyi soruşulanların 8,8 faizi sualları cavablandırmaqdan imtina edib. Ümumiyyətlə, səsvermədə iştirak etmək niyyətində olan seçicilərin 72,2 faizi Vladimir Zelenskiyə, 25,4 faizi isə Pyotr Poroşenkoya səs verəcəyini deyib. 2,4 faiz respondent bülletenləri korlamaq istədiyini söyləyib. 

Zelenski tərəfdarı olan sorğu iştirakçılarının 81,8 faizi öz seçiminə əmin olduqlarını, 12,8 faizi şoumen namizədi tezliklə dəstəkləməyə hazırlaşdığını, yalnız 4 faiz məcburiyyət qarşısında ona səs verməli olduğunu düşünür.  Pyotr Poroşenkoya səs vermək istəyənlərin 75,5 faizi qəti seçim etdiklərini, 22 faizi onu tezliklə dəstəkləməyə hazırlaşdığını, 1,8 faizi isə hazırkı dövlət başçısını bir variant kimi nəzərdən keçirdiyini bildirib. 

Sorğunun ümumi nəticələrinə görə, respondentlərin 57,2 faizi hesab edir ki, Vladimir Zelenski səslərin çoxunu qazanaraq prezident seçiləcək. 14,1 faiz seçici isə Pyotr Poroşenkonun qələbə çalacağını deyib. 26,8 faiz respondent isə cavab verməyə çətinlik çəkib. Rəyi soruşulanların 1,9 faizi isə cavab verməkdən imtina edib. 

Qeyd edilən sorğunun nəticələri Vladimir Zelenskinin prezident seçkilərinin ikinci turunda qalib gəlmək şansının xeyli yüksək olduğunu göstərir. Ona görə də son vaxtlar Zelenskinin prezidentliyi altında Ukraynanın gələcək siyasi taleyinə dair müzakirələr genişlənib. Pyotr Poroşenkonun siyasi kursu məlumdur. Əgər Poroşenko ikinci müddətə dövlət başçısı seçilərsə, Ukraynanın xarici siyasətində demək olar ki, heç bir dəyişiklik baş verməyəcək. Rəsmi Kiyev Avropaya və Avroatlantik məkana inteqrasiya siyasətini davam etdirəcək. Ukrayna ABŞ-ın geostrateji təsir dairəsində qalacaq. 

Daxili siyasətdə isə Poroşenko daha çox əhalinin narazı qaldığı korrupsioner məmur korpusunu dəyişməyə çalışa bilər. 

Lakin “Ukraynanın yeni siması” adlandırılan Vladimir Zelenskinin prezident seçilmək şansı daha yüksəkdir. Siyasət aləminə tamamilə yad bir sahədən-komediya aktyorluğundan atılmasına baxmayaraq, sürətlə bütün rəqiblərini arxada qoyan 41 yaşlı Zelenski Ukraynada marağı olan fövqəldövlətləri fakt qarşısında qoyub. Artıq ABŞ, Rusiya, Almaniya, Fransa kimi dövlətlər ciddi siyasi təcrübəsi olmayan V.Zelenskinin gələcək addımlarını öyrənməyə çalışır. Zelenskiyə maliyyə dəstəyi verən oliqarx İqor Kolomoyskinin Rusiya xüsusi xidmət orqanları ilə bağlılığı barədə məlumatlar Qərbdə narahatlıqla qarşılanır. Bu səbəbdən də ABŞ Dövlət Departamenitinin nümayəndəsi Kurt Volter Ukrayna xalqına müraciət edərək ikinci turda Poroşenkoya səs verməyə çağırıb. Amma ABŞ-dan fərqli olaraq, Fransa artıq hakimiyyətin zirvəsinə aparan yolda V.Zelenskinin qarşısını almağın mümkün olmadığını nəzərə alır. Fransa prezidenti Emmanuel Makronun V.Zelenskini Yelisey sarayında qəbul etməsi rəsmi Parisin yeni dövlət başçısı ilə işləməyə hazır olmasından xəbər verir. 

Zelenskinin qələbəsinin Rusiyanın maraqlarına cavab verməsi barədə rəylər səslənsə də Kreml bununla bağlı hər hansı mövqe nümayiş etdirməyib. Prezident Putinlə görüşmək istəyən Zelenskinin siyasi obrazı daha çox müşahidəçi mövqeyi tutan Rusiya rəhbərliyi üçün yaddır. Zelenski Rusiya ilə münaqişənin sülh danışqları ilə həllinin tərəfdarı olduğunu bəyan etsə də, digər tərəfdən “Normand dördlüyü” formatına ABŞ və Böyük Britaniyanın da daxil edilməsi təklifini irəli sürür. Ona görə də siyasi artistizmi xeyli güclü olan V.Zelenskinin prezidentliyi dövründə Ukraynanın Rusiya ilə barışığa gedəcəyi, yoxsa Qərblə son beş ildə müşahidə olunan geostrateji müttəfiqlik münasibətlərini davam etdirəcəyi barədə qəti fikir söyləmək çətindir. 

ABŞ eksperti Devid Kremerin fikrincə, Zelenskinin xarici siyasət və milli təhlükəsizlik sahəsində güclü komandası yoxdur. Bu isə beynəlxalq dairələrdə bir sıra suallar doğurur. Kremer hesab edir ki, Rusiya ilə münasibətlər Ukrayna üçün çox mühümdür. Bu baxımdan, Zelenski Ukraynanın milli dəyərlərini, ərazi bütövlüyünü və suverenliyini müdafiə etməlidir. Əgər o, Rusiyaya tərəf dönməyə çalışsa, xalq etiraz olaraq yenidən küçələrə çıxacaq. 

“Ümid edirəm ki, hansı namizəd qazanmasından asılı olmayaraq, ABŞ Ukraynanın NATO-ya və Avropa İttifaqına daxil olmaq istəyinə göstərdiyi dəstəyi bir daha təsdiq edəcək. Ukrayna lideri bu yolda qalmaq istəyirsə korrupsiya ilə ciddi mübarizə aparmalıdır. Güman edirəm ki, ukraynalıların əksəriyyəti öz gələcək prezidentlərini hər şeydən əvvəl korrupsiya amilindən çıxış edərək seçəcəklər”-Devid Kremer belə deyib. 

Politoloq Elşən Manafov isə hesab edir ki, Ukraynada korrupsiya probleminin öz həllini tapmaması seçkinin nəticələrinə ciddi təsir göstərib. Məhz bu amiə görə Poroşenko hakimiyyətindən narazı qalan Ukrayna cəmiyyəti V.Zelenskiyə üstünlük verib: “Avropa İttifaqı məkanında korrupsiyanın göstəricilərinə görə ilk yerdə dayanır. Ukraynada mövcud vəziyyət narazı elektoratın Zelenskiyə dəstək verməsi, indiki iqtidarın korrupsiyaya uğraması və prezident Poroşenkonun ötən prezident seçkilərində verdiyi vədləri yerinə yetirməməsindən irəli gəlir. Digər tərəfdən, Avropa Birliyinə daxil olan dövlətlərin də Ukrayna ilə münasibətlərində problem yarandı. Ukraynanın NATO-ya və Şengen zonasına daxil olacağına dair vədlər verilsə də, bu ölkənin problemləri Avropa Birliyini rəsmi Kiyevlə məsafə saxlamağa vadar etdi. Bu da seçkilərin gedişatına və nəticəsinə təsir göstərdi. Ukrayna-Rusiya münasibətlərindəki gərginliyə Zelenskinin münasibəti Poroşenkodan fərqlənir. Zelenski Minsk sazişi formatı çərçivəsində Şərqi Ukraynadakı münaqişənin danışıqlar yolu ilə həllinə nail olacağını vəd edir. O, Rusiya ilə münasibətlərin gərginləşməsi istiqamətində addımlar atmayacağını bəyan edir. Lakin Zelenski Krımın Rusiya tərəfindən ilhaqı faktı ilə barışmayacağını, diplomatik kanallarla bu problemin həllinə nail olacağını deyib. Zelenski Krım üzərində Ukraynanın suveren hüquqlarının beynəlxalq birlik tərəfindən tanınmasına nail olacağını bildirir və Rusiyaya qarşı sanksiyaları gücləndirməyə çağırır. Eyni zamanda, Poroşenkodan fərqli olaraq, Zelenski Rusiya ilə hərbi qarşıdurmaya getməyəcəyini deyir. 

Çünki Poroşenkonun həmin ərazilərdə hərbi əməliyyatlar aparması rəsmi Kiyevin, Donbasın və Zaporojyenin üzərində faktiki olaraq, nəzarəti itirməsinə gətirib çıxarıb. Zelenskinin mövqeyində diqqəti cəlb edən digər məqam Ukraynanın Rusiyadan aldığı təbii qazla bağlıdır. Zelenski “mavi yanacağın” idxalına görə Ukraynanın “Qazprom”a yığılıb qalmış borclarını hissə-hissə qaytarmaq və təbii qazın tranzitinə dair yeni tariflərin müəyyənləşmək üçün Rusiya ilə razılığa gələcəyini vəd edir. Məlumdur ki, Rusiya son vaxtlar öz təbii qazını Avropa bazarına Ukrayna ərazisindən nəql etməkdən imtina etmişdi. Bu məqsədlə Rusiya Baltik dənizindən keçməklə “Şimal axını-2” kəmər layihəsinin çəkilməsinə çalışır. Zelenski vəd etdiyi kimi Rusiya qazının Ukrayna ərazisindən yenidən tranzitinə nail olarsa, rəsmi Kiyev yüz milyonlarla dollar gəlir əldə edəcək. Bu dividentlər isə Ukrayna vətəndaşlarının sosial müdafiəsinin təmin olunmasına, ordunun gücləndirilməsinə, iqtisadiyyatın bərpasına, maliyyə-bank sektorunun sağlamlaşdırılmasına yönəldilə bilər. Zelenskinin Qərblə Moskva arasında manevr etməsi və Rusiya elitasını narazı sala biləcək sərt addımlar atmaması Putin administrasiyasının diqqət mərkəzindədir. Bu da seçkilərdə Zelenskinin xeyrinə işləyən amildir. 

Amma onu da nəzərə almaq lazımdır ki, səsvermənin ikinci turunda Pyotr Poroşenko özünün nəzarətində olan bütün inzibati resurslardan istifadə etməyə çalışacaq. Amma Poroşenkoya dəstək məsələsində Qərbin də mövqeyi fərlənir. Əgər ABŞ birmənalı şəkildə Poroşenkonu dəstəkləyirsə, Fransa və Almaniya Zelenski ilə işləməyə hazır görünür. Zelenski öz bəyanatlarında Qərbin planlarına zidd olan fikirlər səsləndirmir. Zelenski də anlayır ki, Ukraynanın təhlükəsizliyinin təminatı NATO ilə münasibətlərin davam etməsindədir. O, NATO tərəfindən Ukraynaya ayrılacaq statusun verilməsinin tərəfdarıdır. Bu isə ABŞ-ın maraqlarına cavab verir. Amma vaxtilə NATO-nun Ukraynaya qəbul olunmasına mane olan dövlət Almaniya olub. Zelenski böyük ehtimalla Rusiya və Qərb arasında manevr etməyə çalışacaq. Fransa prezidenti Makronun Zelenskini dəstəkləməsi, Almaniya kansleri Angela Merkelin Zelenskiyə dolayı yolla dəstək verməsi Avropa Birlyinin bu iki nəhəng dövlətinin ABŞ-dan fərqli olaraq Poroşenkonun getməsində maraqlı olduğunu göstərir”.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 5013