hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Zelenskinin Türkiyə səfəri: Donbasda Qarabağ təcrübəsinə hazırlıq

Zelenskinin Türkiyə səfəri: Donbasda Qarabağ təcrübəsinə hazırlıq

Ukrayna Prezidenti Vladimir Zelenski Türkiyəyə rəsmi səfər edib.

Səfər çərçivəsində iki ölkə arasında bir sıra mühüm sənədlər imzalanıb. Onların arasında tərəflər üçün strateji əhəmiyyət daşıyan sazişlər də var. Xüsusilə də Türkiyə və Ukraynanın hərbi əməkdaşlığın dərinləşdirilməsinə imkan verən müqavilələr diqqəti cəlb edir. Rəcəb Tayyib Ərdoğan və Vladimir Zelenski arasında keçirilən görüş zamanı AN-178 hərbi yük təyyarəsinin alınması ilə yanaşı, Türkiyə istehsalı olan “Bayraktar TB2” Silahlı Uçan Pilotsuz Aparatların Ukraynaya satışı məsələsi müzakirə olunub. Bundan başqa Ukrayna və Türkiyə Hava Hücumundan Müdafiə Sistemləri üzrə ortaq işçi qrupunun yaradılması da danışıqlar predmeti olub.

Analitiklərin fikrincə, Türkiyənin dəstəyi Ukraynanın hərbi qüdrətini artıracaq. Xüsusilə də Suriyada, Liviyada, Dağlıq Qarabağda Rusiya silahlarına və hava hücumundan müdafiə sistemlərinə qarşı mübarizıədə uğurla sınaqdan çıxmış “Bayraktar TB2” SUPA-larının Ukrayanın hərbi arsenalına verilıməsi Donbasda separatçılara qarşı hərbi əməliyyatlara başlanılmasına səbəb ola bilər. Yəni Ukrayna Azərbaycanın işğal olunmuş ərazilərdə həyata keçirdiyi əməliyyatları presedent olaraq Türkiyənin hərbi dəstəyi ilə Donbasda tətbiq edə bilər. Bu isə daha bir postsovet ölkəsində Türkiyə və Rusiya arasında geosiyasi rəqabətin dərinləşməsi deməkdir.

Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər hesab edir ki, Türkiyə və Ukraynanı yaxınlaşdıran bir sıra geopolitik və geostrateji amilllər var:

“Hər iki ölkə Qara dəniz bölgəsində yerləşir. Ukraynanı və Türkiyəni geopolitik və geostrateji mövqe yaxınlaşdırır. Bu dövlətləri birləşdirən Krım məsələsi var. Krım tatarlarının nümayəndəsi Ukrayna xarici işlər nazirinin müavini təyin olunub və bu, Türkiyə ilə əlaqələrin sıxlaşdırılmasına hesablanıb. Eyni zamanda, Türkiyə NATO üzvü olan ölkədir. Ukrayna da NATO-ya üzv olmaq istəyir. Başqa bir məsələ Türkiyənin Rusiya ilə əməkdaşlıq etməsinə baxmayaraq, davamlı rəqabətdə olmasıdır. Türkiyənin hərbi-texniki sahədə yeni sıçrayış etməsi də diqqəti cəlb edir. Bu da Ukraynın diqqətini çox ciddi şəkildə cəlb edir. Ukrayna ekspertləri bildirir ki, iki ölkə arasında hərbi-texniki sahədə müqavilənin imzalanması Ukraynaya 21 sahədə əməkdaşlığa imkan yaradacaq. Ukrayna Türkiyənin müasir texnologiyalar əsasında hazırladığı hərbi-texniki məhsullara, xüsusilə də PUA-lara və SPUA-lara maraq göstərir. Artıq Türkiyəyə “”Bayraktar TB2” SPUA-ları sifariş edilib və onların Ukraynada sınağı da keçirilib. Təyyarə istehsalından raket istehsalına qədər müxtəlif sahələr üzrə Ukrayna ilə Türkiyənin əməkdaşlığı artıq strateji xarakter alır. Eyni zamanda iki ölkə arasında azad ticarət zonasının yaradılması nəzərdə tutulur. Bu, o deməkdir ki, Ukrayna-Türkiyə münasibətləri Ukraynanın Avropa Birliyi və NATO ilə paralel inkişaf edir. Azad Ticarət Zonasının yaradılması Ukraynaya imkan verir ki, Avropa Birliyi və NATO ilə münasibətlərdə inkişaf sürəti ilə bağlı yaranmış problemi burada kompensasiya etsin. Çünki bu qurumlarla əlaqələri irəliyə aparmaq zaman tələb edir. Amma Türkiyə ilə əməkdaşlıq bu ləngiməni aradan qaldırır. Ukrayna da görür ki, Türkiyə Rusiya ilə əməkdaşlıq etməsinə baxmayaraq, bir sıra sahələrdə strateji rəqabət aparır. Artıq bu rəqabət postsovet məkanına keçib. Bunu son günlər Ermənistan-Azərbaycan münaqişəsinə münasibətdə görmək mümkündür. Rəsmi Kiyev baş verənləri yaxından izləyir. Ukrayna da analoji şəkildə Türkiyə ilə münasibətlərinə strateji xarakter veməklə bəhrələnməyə çalışır”.

Sülhəddin Əkbər bildirdi ki, Ukrayna Azərbaycanın ərazi bütövlüyünü bərpa ertmək üçün hərbi əməliyyatların yeni konsepsiya əsasında aparıldığını, bu prosesdə PUA SPUA-ların necə mühüm rol oynadığını diqqətlə izləyir.

“Ona görə də bu hallar gələcəkdə Ukraynada da nəzərə alınacaq. Rusiya da bundan ciddi narahat olunacaq. Mən Ukrayna və Türkiyə arasında hərbi əməkdaşlığın dərinləşcəyini düşünürəm. Bu əsasən hərbi yük təyyarələrinin, PUA və SPUA-ların, raketlərin, mühərriklərin birgə istehsalını, birgə hava hücumundan müdafiə sistemlərinin yaradılması kimi mühüm sahələri əhatə edir. Azərbaycan da Ukraynanın Dağlıq Qarabağ problemində ölkəmizə dəstək verdiyini nəzərə alaraq bu ölkənin Türkiyə ilə strateji münasibətlərinin inkişafına töhfə verməliyik”.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 7129

Bizim Telegram səhifəmizi izləyin