hava haqqindaBakı
Bu gün +13 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0230
  • EURO - 1.9208
  • NEFT - 70.55
  • clouds-weather

Zərif məxluq: Azərbaycanda qadınları niyə qətlə yetirirlər?

Zərif məxluq: Azərbaycanda qadınları niyə qətlə yetirirlər?

Noyabrın 25-də dünyada Qadın Zorakılığına Qarşı Mübarizə Günü qeyd olunur.

Məhz Azərbaycanda da qadınlar, əsasən, əks cinsin nümayəndələri tərəfindən zorakılığa məruz qalırlar.

Mətbuatda tez-tez qadın qətlləri və qadına qarşı şiddət xəbərlərinə rast gəlirik. Bu ilin 9 ayı ərzində 51 qadının qəsdən öldürüldüyü haqqında Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

Məlumata görə, 2021-ci ilin 9 ayı ərzində baş verən qəsdən adam öldürmə və adam öldürməyə cəhd cinayətləri nəticəsində 51 qadın həyatını itirib, 24 qadın isə xəsarət alıb.

Qeyd edək ki, Baş Prokurorluq bu ilin 6 ayı ərzində 33 qadının öldürüldüyünün açıqlamışdı. Yəni son 3 ayda qadınların ölümü ilə nəticələnən 18 cinayət hadisəsi baş verib.

25 noyabr Qadın Zorakılığına Qarşı Mübarizə Günü ilə bağlı bir neçə dövlət qurumlarının iştirakı və dəstəyi ilə “Qadına şiddətə son” adlı dəyirmi masa keçirilib.

Keçirilən görüşdə iştirak edən Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev qeyd edib ki, "102" Qaynar xətt mərkəzinə cari ildə 432 713 məlumat daxil olub, onlarda 7 647-si ailə münaqişəsi, məişət zorakılığı ilə bağlıdır. 602 sayda ailəli qadın ərləri tərəfindən döyülüb.

Maraqlıdr, niyə baş verən qadın qətillərinin qarşısını almaq mümkün olmur? Bəlkə qanunvericiliyi sərtləşdirmək lazımdır?

Mövzu ilə bağlı Cebhe.info-ya danışan millət məkili Fazil Mustafa bildirib ki, Azərbaycan cəmiyyəti son illərdə çox aqressivləşib:

“Qətillərin qarşısını almaq mümkün olmur, bu təkcə qadınla bağlı durum deyil. Qadın zərif məxluq olduğuna görə, sanki onun qətlə yetirilməsi daha asandır, yəni bir çox hallarda müdaxilə etmək imkanları olmur. Bizdə nəzarətdən kənar qalan ailə modeli mövcuddur. Bu da məsələlərə öz təsirini göstərir. Burada cəmiyyətdə aqressiyanın artmasından söhbət getməlidir, uşağa, böyüyə və qadınlara qarşı eyni aqressiya var. Bu da cəmiyyətin mədəni səviyyəsinin və sosial şəraitinin pisləşməsi ilə bağlı prosesdir. Əgər bu prosesi tənzimləmək istəyirksə, digər faktorları düzəltməliyik”.

Millət vəkili bu məsələləri yoluna qoymaq üçün sistemli iş aparılmağın vacib olduğunu vurğulayıb:

“İşsizliyə minimum səviyyədə son qoyulmalı, müəyyən dərəcədə ailə, uşaq, qadın problemləri ilə daha ciddi, daha səviyyəli, peşəkar şəkildə məşğul olunmalıdır. Qadınların təhsillə bağlı probleminin həlli vacibdir, iqtisadi azadlıqları məsələsində qadınlara dəstək verilməsi, uşaqların qida və yaşayış şərtlərini yaxşılaşdırmaq önəmlidir. Yəni bir faktor deyil ki, yüzlərlə belə faktorlar var. Bunların hamsısı nəzərə alınmalıdır”.

Mövzu ilə bağlı “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova isə bunları deyib:

“Burada şəxsin özünün zorakılığa münasibətinin birmənalı şəkildə müqavimətini gücləndirmək lazımdır. Ümumən, qanunların sərtləşdirilməsi də, qaynar xəttlərin işləməsi də öz təsirini göstərəcək.

Yəni bunlar hamısı olmalıdır. Amma maarifləndirmə olmadıqda bunların heç bir təsiri olmayacaq. Bu məsələdə stereotiplər də mühümdür. Məsələn, valideynlər qızlarına dəstək vermirlər. Valideyn qızını gəlin köçürəndə deyir ki, ölümün oradan çıxmalıdır, zorakılığa məruz qalan qadın düşünür ki, əgər boşanarsa, onun haqqında cəmiyyətdə hansısa fikirlər səslənər və s. Cəmiyyətdə boşanmış qadınlara münasibət aradan qalxmalıdır, qadınlara sosial dəstək olmalıdır.

Bunlar hamısı kompleks şəkildə olarsa, qətllərin sayını azaltmaq olar. Amma dünyanın ən inkişaf etmiş ölkələrində, sosial və digər dəstək proqramları ən yüksək səviyyədə işləyən ölkəklərdə də ölüm halları var. Bu elə bir psixoloji haldır ki, gözlənilməyən halda da baş verə bilər. Bir var düşünərək edilən qətillər, bir də var qəfil baş verənlər. Ona görə də bəzi hallarda qanunvericilkdə ona görə sərtləşmələr eləmək lazımdır ki, cəmiyyət bilsin ki, bu cinayəti törədənlər cəzasız qalmırlar.

Amma bizə daha çox kişilərlə işləmək lazımdır. Şiddət göstərən kişilərlə bağlı tədbirlər həyata keçirmək lazımdır, onların psixoloji vəziyyətlərinin sabitləşməsi üçün xidmət paketləri təqdim etmək lazımdır və oğlan uşaqlarının tərbiyəsində gender faktorlarının tərbiyə metoduna salınması əsas şərtlərdən biri olmalıdır”.

Günay Şahmar
Cebhe.info


Oxunma sayı: 1761